Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günüdür
Bakı, 14 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günüdür. Bu gün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O, müstəqilliyinin ilk illərində Azərbaycanda özbaşınalığın hökm sürdüyünü, orduda vəziyyətin ağır olduğunu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gücləndiyini bildirib: “Azərbaycanda hakimiyyət boşluğunun yarandığı həmin dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin ziyalı təbəqəsi əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Ölkəmizn müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı”.
Milli Məclisin deputatı vurğulayıb ki, Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Beləliklə, 15 İyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu: “15 İyun günü təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır”.