Mina ilə çirklənmiş şəhərlərin bərpasında siyasətin inteqrasiyası - Panel sessiya
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Mina ilə çirklənmiş şəhərlərin bərpasında siyasətin inteqrasiyası" mövzusunda panel sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Proqramlar üzrə rəhbəri Jan Kleverin moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundovun, Rusiyanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini Vadim Sergeyevin, Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqenin, ATƏT Katibliyi rəhbərinin müavini, Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Keyt Firon, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soavenin məruzələri dinlənilib.
Panel sessiyada investisiya və infrastrukturun inkişafı üçün torpaqların təhlükəsiz istifadəyə verilməsini təmin etməklə, minatəmizləmə vasitəsilə iqtisadi artımın dəstəklənməsi, minatəmizləmə fəaliyyətinin milli bərpa və yenidənqurma siyasətlərinə inteqrasiyası, milli minatəmizləmə proqramlarının həyata keçirilməsində effektiv tərəfdaşlıqların qurulması məsələləri nəzərdən keçirilib. Müzakirələrdə, həmçinin minatəmizləmə, təhlükəsiz geri qayıdış, yenidənqurma və uzunmüddətli inkişaf prioritetləri arasında əlaqələndirilmiş siyasət yanaşmasının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, təhlükəsiz torpaq iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Mina təhlükəsindən azad edilmiş ərazilər investisiyalar, infrastruktur layihələri, sahibkarlıq və məşğulluq üçün əlçatan olur. Minatəmizləmə milli bərpa siyasətlərinin ayrılmaz hissəsi olmalıdır. Mina fəaliyyətinin şəhərsalma, yenidənqurma, infrastruktur və regional inkişaf planları ilə erkən mərhələdə əlaqələndirilməsi resursların daha səmərəli istifadəsinə imkan verir.
Natiqlər bildiriblər ki, institusional potensialın gücləndirilməsi mina təhlükəsindən zərər çəkmiş şəhərlərin bərpasında mühüm əhəmiyyət daşıyır. Minatəmizləməyə sərmayə yalnız təhlükəsizliyə deyil, gələcəyə sərmayədir. Təmizlənmiş hər bir ərazi insanların qayıdışı, iqtisadi fəaliyyətin bərpası və dayanıqlı inkişaf üçün yeni imkan yaradır.