Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir SES Silsiləsi” arasında əməkdaşlıq əlaqələri qurulur
Mingəçevir, 1 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi” MMC-də olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti stansiyanın ərazisi və istehsalat sahələri ilə yaxından tanış olub, buradakı texnoloji proseslər, iş mühiti və istehsalın təşkili ilə bağlı ətraflı məlumat əldə edib.
Sonra Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir SES Silsiləsi” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma imzaları universitetin rektoru Anar Eminov və MMC-nin direktoru Oqtay Pirverdiyev atıblar.
İmzalanma mərasimində çıxış edən rektor Anar Eminov sənədin universitet-sənaye əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq tələbələrin nəzəri biliklərinin istehsalat mühiti ilə inteqrasiyasına, onların praktik bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına geniş imkanlar yaradacaq. Rektor, həmçinin birgə elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinin universitetin elmi potensialının artırılmasına töhfə verəcəyini qeyd edib.
“Mingəçevir SES Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev də çıxışında energetika sektorunun dayanıqlı inkişafı üçün peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. O, Mingəçevir Dövlət Universiteti ilə qurulan əməkdaşlığın istehsalat və təhsil arasında qarşılıqlı inteqrasiyanı gücləndirəcəyini, mütəxəssislərin tədris prosesinə cəlb olunmasının və tələbələrin istehsalat mühitində təcrübə keçməsinin hər iki tərəf üçün faydalı olacağını bildirib.
Memorandum çərçivəsində tərəflər tələbələrin “Mingəçevir SES Silsiləsi” MMC-də istehsalat və təcrübə proqramlarına cəlb olunması, müəssisə mütəxəssislərinin universitetdə mühazirə, seminar və ustad dərslərində iştirakı, birgə elmi-tədqiqat layihələrinin, konfrans və dəyirmi masaların təşkili, energetika sahəsi üzrə kadr hazırlığının keyfiyyətinin artırılması, universitet məzunlarının işə qəbul imkanlarının təşviqi və mühəndislik istiqamətində ixtisasların tədris proqramlarının istehsalat tələblərinə uyğunlaşdırılması istiqamətində məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər. Memoranduma əsasən, SES-in üç mühəndisinin Energetika mühəndisliyi ixtisası üzrə tədris prosesinə cəlb olunması nəzərdə tutulur. Bu yanaşma tələbələrin real sektor təcrübəsi qazanmasına və nəzəri biliklərin praktik tətbiqinə imkan yaradacaq. Eyni zamanda, magistrantların elmi-tədqiqat mövzularının birbaşa SES tərəfindən müəyyən edilməsi və tədqiqat işlərinin müdafiəsinin də müəssisədə təşkili planlaşdırılır.
Bundan başqa, tədris planlarının yenilənməsi, onların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və praktikyönümlülüyünün artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib. İmzalanan əməkdaşlıq sənədi təhsil, sənaye və məşğulluq siyasəti arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu yanaşma tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, innovativ yanaşmaların tətbiqinə, elmi-tədqiqat potensialının artırılmasına və regionda dayanıqlı insan kapitalının formalaşdırılmasına mühüm töhfə verməyi hədəfləyir.