Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Bakı, 8 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirən universitet əməkdaşları layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını bildirib, onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.