Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailəsini ziyarət edib




Bakı, 7 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı atası Vətən müharibəsində şəhid olmuş tələbə Yunis Əhmədlinin ailəsini ziyarət edib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ailə üzvləri ilə görüşdə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qalibiyyətin qazanılmasında Yasən Əhmədovun simasında qəhrəman əsgər və zabitlərimizin mühüm pay sahibi olduğunu qeyd edən MDU-nun rektoru Şahin Bayramov bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda böyük şücaət göstərən mərd oğullarımızla qürur duyduqlarını bildirən MDU əməkdaşları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırıblar.
Şəhid Yasən Əhmədovun ailə üzvləri, o cümlədən onun oğlu, MDU-nun ikinci kurs tələbəsi Y.Əhmədli göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, MDU rəhbərliyi şəhidlərin adlarının əbədiləşdirilməsini, tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini, şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayır.