Mingəçevir şəhərində 15 yaşadək cüdoçular arasında bölgə birinciliyinə yekun vurulub
Bakı, 8 mart, AZƏRTAC
Mingəçevir şəhərində 15 yaşadək (U-15) cüdoçular arasında keçirilən bölgə birinciliyinə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, 2008-2010-cu il təvəllüdlü idmançıların iştirak etdiyi yarışa 10 rayondan, ümumilikdə 192 idmançı qatılıb.
Yarışın açılış mərasimində çıxış edən federasiya prezidentinin müşaviri Natiq Bağırov bu turnirin yeniyetmə idmançıların gələcək karyerasında mühüm rol oynayacağını bildirib. Son illər Azərbaycanda idmanın, xüsusilə cüdonun inkişaf etdiyini bildirən qurum rəsmisi bölgələrdə də bu sahəyə xüsusi diqqət ayrıldığını vurğulayıb.
Sonra birinciliyə start verilib.
Yarışı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirovla yanaşı, respublika dərəcəli hakimlər Bəriyyə Hüseynova, Nuranə Muradova, Fərhad Misirov, Taleh İmanov, Mehman İmanquliyev və Səttar Heybətov idarə ediblər.
Maraqlı mübarizə şəraitində keçən yarışda oğlanlar arasında Sadiq Qurbanov (34 kq), Elgiz Şıxməmmədov (38 kq), Elgün Səfərov (42 kq), Nadir Həsənquliyev (46 kq), Ağahüseyn Məmmədli (50 kq), Fərid Zeynalzadə (55 kq), Abubəkir Mollakişiyev (60 kq), Rahib Kərimli (66 kq), Adəm Hümmətov (73 kq), Cavid Vəlizadə (+73 kq) birinci yeri tutublar. Qızların mübarizəsində isə Rəxşəndə Şıxməmmədova (28 kq), Gülnarə Qasımova (32 kq), Səbinə Əliyeva (36 kq), Aynişan Rəcəbova (40 kq), Nərgiz Şıxməmmədova (44 kq), Nəzakət Vəliyeva (48 kq), Ləman Mərdanova (52 kq), Nuray Ağazadə (57 kq), Güllü Quliyeva (63 kq), Leyli Qurbanova (+63 kq) qalib olublar.
Bu yaş qrupu üzrə növbəti turnirlər martın 12-də Balakəndə, 14-də İsmayıllıda, 16-da Qusarda, 18-də Masallıda, aprelin 6-7-də isə Sumqayıtda təşkil olunacaq.