Mingəçevir Yüksək Texnologiyalar Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Mingəçevir Yüksək Texnologiyalar Parkının (“YT Park”) tikintisi yaxın müddətdə başa çatdırılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə ayrılmış ərazidə baş plan cizgiləri tam işlənib və hazırda layihələr üzrə işlər davam etdirilir.
“YT Park”da yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib. MMC-nin yeni layihəsi olan “Code Academy” proqramı fəaliyyətə başlayıb.
Qeyd edək ki, “YT Park” Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunub və təşkilatın müşahidəçi üzvü seçilib.
Mingəçevir Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində yaradılıb. Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.