Mingəçevirdə abadlıq-quruculuq işləri geniş vüsət almışdır
Mingəçevir, 17 avqust (AZƏRTAC). Mingəçevir şəhərində abadlıq və quruculuq işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, ilin ötən müddətində mənzil təsərrüfatı və abadlaşdırma idarəsi şəhərin sağ sahil yaşayış massivində müasir istirahət parkı salmışdır. Parkın 3 min kvadratmetrlik hissəsində yaşıllıq salınmış, 2 minə yaxın ağac və gül kolu əkilmişdir. Ərazidə 50 işıqlandırıcı dirək quraşdırılmış, 40 oturacaq qoyulmuş, uşaqlar üçün əyləncə qurğuları yerləşdirilmişdir. Otuz ildən çox bir müddətdə baxımsız qalmış “Dostluq” parkı yaşıllaşdırma və sanitar təmizlik idarəsi tərəfindən yenidən qurulmuşdur. Yeni giriş qapısı inşa edilmiş, müasir fəvvarə tikilmiş və şəhid Müşviq Mirzəyevin adını daşıyan bulaq quraşdırılmışdır. Ərazidə 4 min kvadratmetr sahədə yaşıllıqlar salınmış, min kvadratmetr sahəyə tamet döşənmiş, 40 işıqlandırma dirəyi, 70 oturacaq quraşdırılmış, 2 mindən çox ağac və gül kolu əkilmişdir. Mənzil kommunal təsərrüfatı kombinatı tərəfindən hazırda “Az.İES” yaşayış massivinin sakinləri üçün “Energetik” mədəniyyət klubunun ətrafında istirahət guşəsi yaradılır.
“Az.İES”, sağ və sol sahil yaşayış massivlərində geniş miqyasda asfaltlama işlərinə başlanılmışdır. Yol və səkilərin yenidən qurulması üçün 35 min kvadratmetr sahəyə cınqıl-daş döşənmiş, 55 min kvadratmetr avtomobil yoluna, 5 min kvadratmetr səkiyə asfalt döşənmişdir. Həmçinin 65 binanın şifer, 73 binanın isə yumşaq dam örtükləri cari və əsaslı təmir olunmuşdur. Binaların fasadına 16 min kvadratmetr üzlük çəkilmiş, 25 min kvadratmetr sahə rənglənmişdir. Şəhərin küçə və meydanlarında 230 işıqlandırıcı dirək quraşdırılmış, 20 min ağac və dekorativ gül kolu əkilmiş, 3 yeni fəvvarə inşa edilmişdir. Ümumilikdə isə son 3 ildə 12 yeni fəvvarə tikilmişdir.