MİNGƏÇEVİRDƏ CARİ İLİN 9 AYININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Lütfəli Babayev əvvəlcə Mingəçevirdə baş vermiş təbii fəlakət nəticəsində şəhər təsərrüfatına və əhaliyə dəyən ziyanın hesablanması və aradan qaldırılması məqsədi ilə ölkəmizin başçısı İlham Əliyevin Sərəncamı ilə xüsusi komissiyanın yaradılması haqqında məlumat vermişdir.
L.Babayev Mingəçevirdə bu ilin 9 ayı ərzində sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlardan, mövcud problemlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Çıxışlarda bildirilmişdir ki, 9 ayda şəhərin sənaye müəssisələrində 127,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövründəkindən çoxdur. Hesabat dövründə istehsal olunmuş məhsulun 123,7 milyon manatı və ya 97 faizi dövlət bölməsi müəssisələrinin payına düşür. Şəhərin sənaye istehsalının əsasını elektroenergetika təşkil etdiyindən, ümumi istehsalın 95 faizi də bu sahəyə aiddir. Bu dövrdə şəhərin elektrik stansiyalarında 9 milyard 619 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2005-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz və ya 1 milyard 161 milyon kilovat-saat çoxdur.
Tikinti, nəqliyyat, rabitə, istehlak bazarı, təhsil, səhiyyə və mədəniyyət sahələrində görülmüş işlər də müzakirə mövzusu olmuşdur.
İnamla vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində yürütdüyü siyasət bundan sonra da rəhbər tutulacaq, Mingəçevir şəhərinin inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün səmərəli tədbirlər görüləcəkdir.