Mingəçevirdə əmək yarmarkası keçirilmişdir
Mingəçevir, 16 noyabr (AZƏRTAC). Noyabrın 15-də Mingəçevir şəhərində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarmarkanın açılış mərasimində Mingəçevir Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov, şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehralıyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışmışlar.
Tədbirdə vətəndaşlara 36 müəssisə və təşkilat tərəfindən 171 boş iş yeri təklif olunmuşdur. Boş iş yerləri 25 dövlət və 9 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim olunmuşdur. Yeni iş yerləri üçün 105 manatdan 550 manatadək əmək haqqı təklif olunmuşdur. İş üçün müraciət edənlərdən 52-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş almışdır. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunmuşlar.
Xatırladaq ki, noyabrın sonunda isə Mingəçevirdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbir keçiriləcəkdir.