Mingəçevirdə Məmməd Arazın 80 illik yubileyi qeyd edilmişdir
Mingəçevir, 8 noyabr (AZƏRTAC). Mingəçevir şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Mərkəzi Kitabxananın oxu zalında keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, fəal oxucular, gənclər və məktəblilər iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Məmməd Arazın yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar. Sonra şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xalq Şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalamışdır. Sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də yubiley tədbirləri keçirilir. Bildirilmişdir ki, Vətəninə və xalqına, doğma torpağına bağlılıq Məmməd Araz yaradıcılığının əsasını təşkil edir. Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan şair Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunmuş, “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir.
Sonda məktəblilərin ifasında şairin “Ayağa dur, Azərbaycan”, “Vətən mənə oğul desə”, “Azərbaycan, dünyam mənim” şeirləri və digər şeirlər səsləndirilmişdir.