MİNGƏÇEVİRİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HAZIRLANMIŞDIR
Təqdimat mərasimində Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, iqtisadçı alimlər, mütəxəssislər, şəhər təsərrüfatının, işgüzar dairələrin, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Proqramı şəhər icra hakimiyyətinin başçısı Lütfəli Babayev təqdim etmişdir.
Akademik Ziyad Səmədzadə proqram barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşmüşdür:
- Müstəqil Azərbaycanın sənaye potensialında, dövlətin energetika sahəsinin möhkəmləndirilməsində Mingəçevir mühüm yer tutur. Mərasim iştirakçılarının dəstəklədiyi proqram iqtisadiyyatın inkişafının real ehtiyatlarını şəhər səviyyəsində təhlil etmək, ümumiləşdirmək və işə salmaq, insanların yaşayış şəraitini, əsasən, yerli ehtiyatlar və imkanlar hesabına yaxşılaşdırmaq, sərmayə mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq sahəsində ilk belə cəhddir. Sevindirici haldır ki, sənədin müəllifləri yerli təşəbbüsə, nəzərdə tutulmuş tədbirlərin detallaşdırılmasına üstünlük vermişlər.
Ölkədə istehsal olunan elektrik enerjisinin 60 faizi Mingəçevirin payına düşür. Bu sahə 1970-ci illərdə xüsusilə inkişaf etməyə başlamışdır və hazırda yaxşı perspektivlərə malikdir. Burada başqa profilli müəssisələr də vardır, lakin özəlləşdirildikdən sonra onların, demək olar, işləməməsini normal hal hesab etmək olmaz. Yüz min nəfərdən artıq əhalisi olan şəhərin bir çox sosial problemləri də həllini gözləyir. Proqramda bu məsələ də öz əksini tapmışdır. Məsələn, son iki ildə burada 2 mindən artıq iş yeri açılmış, 2008-ci ilədək isə daha 5 min mingəçevirli işlə təmin olunacaqdır.
Bu cür lokal proqramların hazırlanması onu göstərir ki, biz Azərbaycan Prezidenti İlham Əliyevin inkişafın taleyüklü istiqamətləri üzrə müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində keyfiyyətcə yeni səviyyəyə qalxmışıq. Təbii ki, belə sənədlərin parametrləri müntəzəm düzəlişlər tələb edir, çünki bazar şəraitində strateji planlaşdırmanın özünəməxsus xüsusiyyətləri vardır. Ona görə də idarəçilik metodlarının təkmilləşdirilməsi, bazar qurumları ilə işgüzar münasibətlər yaradılması, sosial vəzifələrin həllinə onların fəal cəlb edilməsi, sahibkarların sosial məsuliyyətinin artırılması vacibdir.