MİQRASİYANIN TƏNZİMLƏNMƏSİ ÜÇÜN
Müstəqil Dövlətlər Birliyində (MDB) 2009-2011-ci illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq proqramının qəbul edilməsi planlaşdırılır.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, səlahiyyətli nümayəndələr və ekspertlər bu sənədin layihəsini mayın 28-29-da Minskdə MDB-nin İcraiyyə Komitəsində keçirilmiş iclasda müzakirə etmişlər.
Rusiya XİN-in MDB üzvü olan ölkələr üzrə Birinci Departamentinin direktor müavini Sergey Tretyakov qeyd etmişdir ki, bu sənədin layihəsinin hazırlanması qüvvədə olma müddəti cari ildə başa çatan əvvəlki oxşar proqramın yerinə yetirilməsinin məntiqi nəticəsidir. Layihədə təşkilati sahədə, kadr hazırlığı, qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın müqavilə-hüquqi bazasının inkişafı və möhkəmlənməsi istiqamətində çoxsaylı tədbirlər, o cümlədən yeni biometrik pasportların tətbiq edilməsi ilə bağlı məsələlər nəzərdə tutulmuşdur.
Mütəxəssisin sözlərinə görə, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri Birliyin həmişə diqqət mərkəzindədir. Çünki bu, bilavasitə mütəşəkkil cinayətkarlıq, narkotrafik, insan alveri və digər cinayət növləri ilə birbaşa bağlıdır və ölkələrin milli təhlükəsizliyinə təsir edir.
Sergey Tretyakov onu da bildirmişdir ki, ekspertlər qrupu tərəfindən işlənib hazırlanmış proqram layihəsi əlaqədar nazirliklər və idarələrlə razılaşdırılmaq üçün müvafiq dövlətlərə göndəriləcəkdir.