“Miras” İctimai Birliyinin mədəni irs düşərgələri davam edir
Bakı, 27 avqust (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində gənclər arasında mədəni irsin təbliği və tanıdılması məqsədi ilə mədəni irs düşərgələri təşkil edir.
Ağsu arxeoloji ekspedisiyasından AZƏRTAC-a verilən məlumata görə, düşərgədə iştirak edənlər əsasən “Miras” İctimai Birliyinin üzvləridir. Onlar həftə ərzində arxeoloji turizm kompleksi və hazırda aparılan arxeoloji tədqiqatlarla tanış olur, əşyaların və tikili qalıqlarının konservasiyasını öyrənir, sənədləşdirmə və fotoların çəkilməsi işinə bələd olurlar. Düşərgənin sonunda iştirakçıların bilikləri yoxlanılır və onlara düşərgədə olduqlarını təsdiq edən sertifikatlar təqdim olunur.
Avqust ayında iki mədəni irs düşərgəsi baş tutmuşdur. İkinci düşərgədə əsasən xarici universitetlərdə təhsil alan bir qrup azərbaycanlı tələbələr iştirak etmişlər. Səfəvilərin son dövr şəhər mədəniyyəti və memarlığının nadir qalıqlarından olan Ağsu şəhərindəki tapıntılarla tanış olmuş, şəhər əhalisinin məşğuliyyəti və məişətini əks etdirən nümunələrlə bağlı mühazirə dinləmişlər. Qazıntıdan yenicə aşkar olunmuş mis qabların bərpaçı-rəssam Vüqar Quliyev tərəfindən təmizlənməsini izləyən iştirakçılar V qazıntı sahəsindəki evlərdən birinin və qarşısındakı yolun konservasiyasında da yaxından iştirak etmişlər.
Mədəni irs düşərgələri davam edir.