Misir Afrika İttifaqı “üçlüyü” və Rusiya ilə Liviyadakı vəziyyəti müzakirə edib
Qahirə, 8 iyul, AZƏRTAC
Misirin Xarici İşlər naziri Sami Şükrü Afrika İttifaqı “üçlüyü” və Rusiya formatında keçirilən virtual konfransda Liviyadakı vəziyyəti müzakirə edib. AZƏRTAC xəbər verir ki, rəsmi Qahirə Liviyada atəşkəsə nail olunması üçün səylərini davam etdirdiyini bildirib. S.Şükrü xatırladıb ki, Liviyada sülhün və sabitliyin bərqərar olması Misirin qərb sərhədlərinin təhlükəsizliyi baxımından da vacibdir.
Müzakirələrdə çıxış edən Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov rəsmi Qahirənin sülh planında nəzərdə tutulmuş atəşkəslə bağlı Moskvanın səylərini diqqətə çatdırıb. O qeyd edib ki, Liviya Milli Ordusu (LMO) bu ölkədə atəşkəsə nail olmaq üçün sazişi imzalamağa hazırdır. Lakin rəsmi Tripoli münaqişənin hərbi yolla həllinə üstünlük verir. S.Lavrov bildirib ki, bu ilin yanvarında münaqişə tərəfləri arasında Moskvada keçirilən görüşdə həmin vaxt hərbi üstünlüyə malik olan LMO atəşkəs sazişini imzalamaqdan imtina etmişdi. Lakin Liviya razılıq hökuməti son aylar hücuma keçərək yeni əraziləri ələ keçirib və indi qarşı tərəfin sülh danışıqlarına dair təklifini rədd edir. Lavrov təəssüflə bildirib ki, hər iki tərəf münaqişənin hərbi yolla nizama salınmasının mümkün olmadığını qəbul etmək istəmir.
Rusiyalı nazir əlavə edib ki, Türkiyə də hərbi əməliyyatların dayandırılması istiqamətində Liviya razılıq hökuməti ilə danışıqlar aparır. Eyni zamanda, Moskva və Ankara dövlət başçıları səviyyəsində problemin sülh yolu ilə həlli istiqamətində məsləhətləşmələr aparır.
Müzakirələrdə Cənubi Afrika Respublikası və Konqo Demokratik Respublikasının Xarici İşlər nazirləri də iştirak ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə