Misir portalında İƏT ölkələri media nümayəndələrinin Qarabağa səfəri barədə məqalə yayımlanıb
Qahirə, 14 mart, AZƏRTAC
Misirin “Əl Diplomasi” portalının baş redaktoru Əşrəf Əbu Urafə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin jurnalistlərinin assosiasiyasının üzvlərinin Qarabağa səfəri barədə məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər haqqında ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında nümayiş etdirdiyi yüksək məharət bir çox ölkələrin hərbi akademiyalarında öyrənilir.
Yazıda Misir də daxil olmaqla, altı ərəb ölkəsinin media nümayəndələrinin Füzuli, Şuşa və Ağdama səfərləri haqqında təəssüratlar yer alıb. Müəllif Füzuli Beynəlxalq Hava Limanı, “Zəfər yolu”, Şuşanın bərpa olunmuş tarix-mədəniyyət abidələri, ermənilərin viran qoyduqları Ağdam şəhərindən ətraflı bəhs edib. O vurğulayıb ki, Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklər, xüsusən İslam abidələri və məscidləri dağıtması və təhqir etməsi faktları ərəb ölkələrinin ictimaiyyətinın diqqət mərkəzində olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə