Misir qəzetləri: Azərbaycan Fransanın Ermənistana zirehli avtomobil göndərməsini pisləyib
Bakı, 13 noyabr, AZƏRTAC
Misirin “Əl Əhram” nəşrində və “Nile” internet qəzetində “Azərbaycan Fransanın Ermənistana zirehli avtomobil göndərməsini qətiyyətlə pisləyib” sərlövhəli materiallar dərc olunub.
AZƏRTAC xəbər verir ki, materiallarda qeyd olunub: “Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə onun destruktiv fəaliyyətinə xidmət edəcək”.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan rəsmisi özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımlarının regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyduğunu və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Xəbərlərdə Azərbaycan XİN-in açıqlamasında yer alan müraciət təqdim olunub: “Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan, buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyəti dayandırmağa və pisləməyə çağırırıq”.