Misirli politoloq: Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədi
Qahirə, 17 aprel, AZƏRTAC
Azərbaycan vətəndaşlarının əksəriyyətinin prezident seçkilərində Prezident İlham Əliyevə səs verməsi onu sübut edir ki, Azərbaycan xalqı öz seçimini ölkədə təhlükəsizliyin, sabitliyin və tərəqqinin xeyrinə edib.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində tanınmış misirli politoloq, “Dialoq” Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Əhməd Tahir Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, seçicilərin yüksək fəallığı və onların əksəriyyətinin öz səslərini Prezident İlham Əliyevə vermələri onun respublikaya rəhbərlik etməyə başladığı 2003-cü ildən yürütdüyü siyasi kursa möhkəm dəstəyi sübut edir. Ə.Tahir deyib: “Bu, həmçinin sübut edir ki, Azərbaycan xalqı onu düzgün yoldan döndərmək üçün göstərilən hər hansı cəhdi qəbul etmir”.
Əhməd Tahir xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr ərzində bütün sahələrdə böyük uğurlar qazanılıb. Onun fikrincə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşması da mühüm əhəmiyyət kəsb edir.
“Ölkənin inkişaf prosesini uğurla davam etdirmək, həmçinin bütün müasir çağırışların qarşısında dayanmaq üçün cəmiyyətin bütün təbəqələrinin ölkənin siyasi rəhbərinin ətrafında birləşmələri vacibdir”, - deyə “Dialoq” Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Əhməd Tahir bildirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə