Misirli tədqiqatçının “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” adlı kitabı çapdan çıxıb
Qahirə, 7 noyabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) misirli tədqiqatçı Əhməd Əbdo Tərabikin “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” adlı kitabını nəşr etdirib.
Yenicə işıq üzü görmüş kitabın müəllifi AZƏRTAC-a bildirib ki, 44 günlük müharibənin səbəbləri, gedişatı və nəticələrinə dair bu tədqiqat əsərinin ərsəyə gəlməsində BAMF-ın prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi professor Əhməd Sami Əl-Aydinin dəstəyi olub.
Ə.Tərabik deyib: “Bu kitab təkcə Azərbaycanın deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə Azərbaycan əsgərinin igidlik dastanının salnaməsidir. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı bütün dünyanı heyrətə gətirib. Bu möhtəşəm Zəfər siyasi təhlilçilərin əsas tədqiqat mövzusuna çevrilib”.
Kitabda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistanın zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, tarixi-dini abidləri dağıtması və məscidləri təhqir etməsi haqqında sənədlər və faktlar da yer alıb. Qəddar ermənilərin hətta ölülərdən də qisas alaraq qəbirləri dağıtması kimi dəhşətli əməllər sübutlarla əks olunub.
Əsərin müəllifi diqqətə çatdırıb ki, kitabda ərəbdilli oxuculara Ermənistanın dinc azərbaycanlı əhalini öz torpaqlarından didərgin salması, həmin şəhər, qəsəbə və kəndlərin adlarını dəyişdirməsi, işğal etdiyi əraziləri minalaması və digər vəhşiliklərin miqyası haqqında məlumat verilir. Bununla yanaşı, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə