M.KAMINİN: RUSİYA-AZƏRBAYCAN DİALOQU UĞURLA DAVAM EDİR
M.Kamınin demişdir ki, Rusiyanın Qarabağa dair prinsipial mövqeyi dəyişməz qalır: Rusiya problemin münaqişəyə cəlb olunmuş tərəfləri razı salan həll variantını dəstəkləməyə, güzəştli razılaşma əldə olunarsa, nizamasalmanın təminatçısı kimi çıxış etməyə hazırdır.
Rusiya XİN-nin nümayəndəsi ikitərəfli əlaqələrin gündəlikdə duran ən aktual məsələlərindən danışaraq bildirmişdir ki, iki ölkə prezidentlərinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq niyyətini ifadə edən 2006-cı il 22 fevral tarixli Birgə bəyanatının müddəlarının yerinə yetirilməsinin gedişi haqqında fikir mübadiləsi aparılır. Siyasi əlaqələrin dərinləşdirilməsinin, ticari-iqtisadi sahədə, ilk növbədə, yanacaq-energetika kompleksi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin konkret yolları da müzakirə olunur.
M.Kamınin ticari-iqtisadi əlaqələrə toxunaraq demişdir ki, bu sahə Rusiya-Azərbaycan münasibətlərinin vacib komponentidir. Ölkələrimiz arasında xarici-ticarət dövriyyəsi yüksək sürətlə artır, onun həcmi 9 ayda ötən ilin müvafiq dövrü ilə müsayisədə 50 faizdən çox artmış və ekspertlərin hesablamalarına görə, ilin axırında 1,5 milyard dollara çatacaqdır. Rusiya XİN-nin rəsmi nümayəndəsi demişdir: “Bu, əmtəə dövriyyəsinin ikiqat artırılması və yaxın illərdə 2 milyard dollara çatdırılması haqqında yüksək səviyyəli razılaşmaların uğurla yerinə yetiriləcəyinə ümid verir. Rusiya və Azərbaycan yanacaq-energetika kompleksində, o cümlədən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli və Rusiyadan Azərbaycana təbii qaz ixracı sahəsində qarşılıqlı fəalliyyət göstərirlər. Bakı Rusiyanın neft və neft məhsulları birjasının həmtəsisçisi olmağa hazırdır. Elektroenergetika, nəqliyyat, əlvan metallurgiya, maşınqayırma sahəsində birgə layihələr işlənib həyata keçirilir ki, bu da qarşılıqlı əmtəə dövriyyəsinin strukturunu keyfiyyətcə dəyişdirməlidir.
Humanitar sahəyə, mədəni əlaqələrin inkişafına, həmvətənlərin vəziyyətinə xüsusi yer ayrılır, Qafqazda vəziyyətə dair fikir mübadiləsi aparılır, regional təhlükəsizliyin təmin olunması yolları, həyati vacib beynəlxalq problemlər müzakirə edilir. Xəzər regionu problemi, habelə Xəzərdə təhlükəsizliyin təminatı da diqqətdən kənarda qalmamışdır.
M.Kamınin onu da bildirmişdir ki, Rusiyada Azərbaycan İlinə və Azərbaycanda Rusiya İlinə həsr olunmuş tədbirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, Rusiya və Azərbaycan xalqlarının yaxınlaşmasına böyük töhfə vermişdir.