Moldovadakı soydaşlarımıza yardımların paylanılması davam etdirilir
Kişineu, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə koronavirus pandemiyası ilə əlaqədar yaradılan fövqəladə komitə bu ölkədə yaşayan soydaşlarımıza yardımların paylanılmasını davam etdirir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovun təşəbbüsü və dəstəyi ilə paytaxt Kişineuda, Şimal bölgəsində və bütün ucqar rayonlarda növbəti dəfə soydaşlarımıza yardım edilib. Konqresin sədri Heybət Məcid və komitə rəhbəri Maarif Rəhimov başda olmaqla, diaspor fəalları Mehman İsmayılov, İlham Qubadov və səfirliyin nümayəndəsi birlikdə Dnestryanı ərazidəki azərbaycanlılara da sovqat aparılıb, aztəminatlı ailələrə yardım edilib.
Azərbaycanlı ailələr ölkəmizin səfirliyinin onlarla daim əlaqə saxladığını qeyd edərək, Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, koronovirus (COVID-19) pandemiyası ilə bağlı Moldovada yaşayan və ehtiyacı olan soydaşlarımıza yardım məqsədilə səfir Qüdsi Osmanovun təşəbbüsü ilə səfirlik Moldova Azərbaycanlıları Konqresi ilə birlikdə komitə yaradıb. Komitəyə səfirliyin və konqresin nümayəndələri daxildir. Komitənin fonduna səfir və Moldovada imkanlı soydaşlarımız vəsait ayırıblar. Moldovada təqribən 5000 nəfər soydaşımızın yaşadığı qeyd edilir. Onlardan təqribən 400 nəfəri bu gün məlum vəziyyətə görə ehtiyacı olanlardır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu