Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimləri hesabat veriblər
Bakı, 19 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonra karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, genomun quruluşu və ekspressiyası laboratoriyalarının və Təhsil şöbəsinin illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü Novruz Quliyev və biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov cari ildə aparılmış elmi tədqiqatlar, əldə edilən nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında ətraflı məlumat veriblər. Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova doktorantura və magistraturada təhsil alan tələbələr, cari ildə qəbul və növbəti il üçün plan yerlərinin sifarişi, xaricdə təhsil alan tələbələr və kadr hazırlığı ilə bağlı digər məsələlər haqqında hesabat verib.
Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul olunub.