“MOLLA NƏSRƏDDİN” AZƏRBAYCAN-2008” BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ DÜNYA KARİKATURA İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN MÜSBƏT QARŞILANMIŞDIR
AZƏRTAC Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə istinadla xəbər verir ki, I “Molla Nəsrəddin” Azərbaycan-2008” Beynəlxalq karikatura müsabiqəsinin nəticələri dünya karikatura ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır. Nəticələr və müsabiqənin şəffaf keçirilməsi haqqında onlarla beynəlxalq karikatura saytlarında məlumatlar yayımlanmışdır.
Mərkəzi ofisi Amerikada yerləşən və tanınmış karikaturaçı Andrey Feldşteynin rəhbərlik etdiyi və ən çox izlənən xarici karikatura saytlarından biri olan www.cartoonblues.com saytında müsabiqənin nəticələri saytın forumunda müzakirəyə qoyulmuşdur.
Saytda Avropa və Amerika karikaturaçıları öz qalib həmkarlarını təbrik etmiş, müsabiqə və müsabiqənin mükafatına layiq görülmüş əsərlər haqqında müsbət fikirlər söylənilmişdir. Hətta Moskvada yaşayan, milliyyətçə erməni olan karikaturaçı belə, Azərbaycanda keçirilən müsabiqəyə heç bir irad tuta bilməmişdir.
İranın www.tabrizcartoons.com saytında təşkilatın rəhbəri Rahim Baggal Asgari tərəfindən müsabiqənin obyektivliyi və yüksək səviyyədə təşkil olunması haqqında geniş məqalədə deyilir: “Son illər beynəlxalq karikatura təşkilatları tərəfindən keçirilən müsabiqələrdə obyektivliyin və təşkilatçılığın aşağı səviyyədə olması ilə rastlaşdığımız halda, I “Molla Nəsrəddin” Azərbaycan-2008” Beynəlxalq karikatura müsabiqəsi ilk dəfə keçirilməsinə baxmayaraq, öz obyektivliyi və müsabiqənin nəticələri ilə karikatura ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır”. İranlı həmkarımız hətta müsabiqənin keçirildiyi 7 aprel tarixinin Dünya Karikatura Günü kimi qeyd olunmasını təklif etmişdir.