DÜNYA
MONQOLUSTAN ÇİNGİZXANIN ANADAN OLMASININ 840 İLLİYİNİ QEYD EDİR
Bütün Monqolustan əlamətdar hadisəni - Çingizxanın anadan olmasının 840 illiyini qeyd edir. Müasir monqollar bu tarixi şəxsiyyəti Asiya və Avropada ucu-bucağı görünməyən böyük imperiyanın banisi sayırlar.
Bayram tədbirləri paytaxtın mədəniyyət və istirahət parkında bu məşhur sərkərdə və dövlət xadiminin şərəfinə ucaldılacaq xatirə kompleksinin təməl daşının qoyulması ilə başlanmışdır. Təntənəli mərasimdə Monqolustan Prezidenti Natsagiyn Baqabandi, Böyük Dövlət Xuralının sədri Sanjbeqziyn Tumur-Oçir, baş nazir Nanbarın Enxbayar və digər siyasi və ictimai xadimlər iştirak etmişlər.
İTAR-TASS xəbər verir ki, layihə müəlliflərinin planına görə, abidə daş postamentlər üzərində qurulan və rəvayətə görə, Çingizxanın yürüşləri zamanı onun iqamətgahı olmuş yeddi yurtun (alaçığın) təsvirindən idarət olacaqdır. Bu memarlıq kompleksinin diametri 99, hündürlüyü 60 metr təşkil edəcəkdir. Kompleksin mərkəzində sərkərdənin 20 metrlik abidəsi ucaldılacaq, onun ətrafında isə Çingizxanın sadiq sərkərdələrinin abidələri qoyulacaqdır.
Dövlət akademik dram teatrında bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli iclas keçiriləcək, habelə Çingizxanın kəncliyindən bəhs edən pyesin ilk tamaşası olacaqdır.
Mayın 4-də paytaxtda “Qəlblərimizdə əbədiləşmiş xan” adlı rəssamlıq sərgisi açılaraq, idman sarayında isə Monqolustanda populyar olan milli güləş yarışları keçiriləcəkdir.
Çingizxanın anadan olması günü ilə bağlı tədbirlər ilin sonunadək davam edəcəkdir.