“Moskovski komsomolets” qəzetində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun məqaləsi dərc edilmişdir
Moskva, 28 aprel (AZƏRTAC). Rusiyada çıxan “Moskovski komsomolets” qəzetində Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun “Azərbaycanın qəlbi. Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il keçir” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi, Azərbaycan dövlətçiliyinin dayağı, zəngin təbiəti və şanlı tarixi olan bir diyar, ölkənin haqlı olaraq fəxr etdiyi bir sıra gözəl insanların vətənidir. Həyatı və yaradıcılığı bu diyarla bağlı olan memarlar, filosoflar, şairlər, maarifçilər, alimlər, mütəfəkkirlər, sərkərdələr bəşəriyyətin ümumi fikir xəzinəsinə çox böyük töhfələr vermişlər”.
Müəllif Naxçıvanın çoxsaylı tarixi abidələri, bənzərsiz təbiəti və qədim şəhərləri barədə söhbət açır. Məqalədə həmçinin 90 illiyi bu günlərdə qeyd edilən Naxçıvan Muxtar Respublikasının təşəkkülü tarixi ətraflı şərh edilir.
Sultan Qasımov yazır: “Heydər Əlirza oğlu Əliyev özü bu diyarda boya-başa çatmışdır. O, uzun müddət Azərbaycan SSR-də ali rəhbər vəzifələrdə işləmiş, 1982-ci ildə Sovet İttifaqının rəhbəri Andropovun təkidi ilə Moskvaya köçmüş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləməyə başlamışdır. 1985-ci ildə Heydər Əliyev Mixail Qorbaçovu dəstəkləmiş, Qorbaçov isə hakimiyyətə gələndən sonra Heydər Əliyevin populyarlığına paxıllıq edərək onun istefa verməsinə nail olmuşdur.
1990-cı ilin yayında Heydər Əliyev Azərbaycana qayıtmış, həmin ilin payızında Naxçıvandan Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Bir ildən sonra, 1991-ci ilin sentyabr ayında Heydər Əliyev Naxçıvan MSSR Ali Sovetinin sədri seçilmişdir. Bu vəzifədə çalışdığı dövrdə Bakıdakı iqtidar öz işləri ilə məşğul olduğu bir vaxtda Heydər Əliyev Muxtar Respublikanın xarici siyasi əlaqələrini xeyli möhkəmlətmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrün hadisələrini xatırlayaraq demişdir:
- Məhz 1990-cı illərin əvvəlində Naxçıvanın taleyi həll edilirdi. Əgər həmin illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. O dövrdə Naxçıvanda vəziyyətin sabit qalması çox böyük çətinliklər bahasına mümkün olurdu. Azərbaycanın ovaxtkı rəhbərliyi Naxçıvana biganə münasibət bəsləyir, ona heç bir kömək göstərmir, əksinə Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti kəskinləşdirmək məqsədilə çirkin hərəkətlər edirdi. Lakin naxçıvanlılar həmişəki kimi müdriklik göstərərək öz liderləri ətrafında yumruq kimi sıx birləşdilər.
Azərbaycan tarixində yeni dövr belə başlandı və bu dövr Naxçıvanda başlandı”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva