“MOSKOVSKİYE NOVOSTİ” QƏZETİNDƏ GÜRCÜSTAN-RUSİYA MÜNASİBƏTLƏRİ HAQQINDA “DƏYİRMİ MASA”
Məlum olduğu kimi, Gürcüstanın Pankisi dərəsində cinayətkarların gizlənməsi ilə əlaqədar son vaxtlar Rusiya-Gürcüstan münasibətləri gərginləşmişdir. “Moskovskiye novosti” qəzeti bu məsələyə aydınlıq gətirmək, vəziyyətdən çıxış yolları axtarmaq üçün Rusiya Dövlət Duması deputatlarının, mütəxəssislərin iştirakı ilə “dəyirmi masa” keçirmişdir.
Görüşdə Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Lukin öz ölkəsinin Gürcüstanla münasibətləri barədə rəyini söyləmiş və Rusiya-Azərbaycan münasibətlərinə toxunmuşdur. O demişdir:
- Gürcüstan ilə Rusiya arasında bu cür münaqişə yaranması şəxsən mənim üçün çox xoşagəlməz və təəssüfləndiricidir. Gəlin, bir Azərbaycana baxaq. Azərbaycan Rusiyaya Gürcüstandan heç də yaxın ölkə deyildir. Lakin Çeçenistanla əlaqədar Azərbaycanla bizim aramızda heç bir münaqişə yaranmamışdır. Bəs nə üçün bu münaqişə Azərbaycanla deyil, məhz Gürcüstanla olmuşdur? Çünki Prezident Heydər Əliyev siyasi cəhətdən ağıllı və olduqca uzaqgörən insandır. O, üslub polemikasının harada qurtardığını və ciddi söhbətlərin haradan başlandığını vaxtında hiss etmişdir. Odur ki, lazımi qaydada hərəkət etməyə başlamışdır. Yadınızdadırmi, o, terrora qarşı əməliyyatın hələ ən başlanğıc mərhələsində yaxalanmış bir neçə adamı Rusiyaya təhvil vermişdir. Bizim xüsusi idarələrimiz də lazımi tədbirlər barədə razılığa gəlmişlər. Nəticədə indi çox ciddi informasiya mübadiləsi gedir.