MOSKVA BAZARINDA ATIŞMA NƏTİCƏSİNDƏ İKİ AZƏRBAYCANLI ÖLDÜRÜLMÜŞ, ÜÇÜ YARALANMIŞDIR
İyulun 21-də saat 20.17 -də Moskva şəhərinin Şərq inzibati dairəsində, Moldaqulova küçəsindəki “Orion” ərzaq bazarında atışma nəticəsində iki azərbaycanlı qətlə yetirilmişdir.
Moskva Şəhər Baş Daxili İşlər İdarəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərxoş Dağıstan vətəndaşı A.Maqomedov yük avtomobilinin üstünə çıxaraq, bazardakı alverçilərə odlu silahdan necə gəldi atəş açmışdır. Bu hadisə kənd təsərrüfatı məhsulunun qiyməti üstündə A.Maqomedovla azərbaycanlı tərəvəz alverçisi ixtilaf zəminində baş vermişdir.
Moskva BDİİ-nin məlumatına görə, A.Maqomedov 38 yaşlı Sahib Ağayevi yerindəcə öldürmüş, 25 yaşlı Büsat Məsimov isə aldığı ağır yaralardan xəstəxanada keçinmişdlir. Daha üç azərbaycanlı, bir Tacikistan vətəndaşı, iki moskvalı və Vyatka vilayətinin bir sakini müxtəlif dərəcəli güllə yarası almışlar. Onların hamısı xəstəxanaya çatdırılmışdır. Yaralanmış azərbaycanlılar - 1962-ci il təvəllüdlü N.İsmayılov, 1964-cü il təvəllüdlü A.Rəşidov və 1970-ci il təvəllüdlü A.Məmmədov hazırda 15-ci şəhər xəstəxanasındadırlar. İlkin məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.
Moskvanın Şərq inzibati dairəsinin prokurorluğu cinayət işi qaldırmış, istintaqa başlanmışdır. Hüquq mühafizə orqanlarının nümayəndələri əmindirlər ki, istintaq hadisənin əsl səbəblərini aydınlaşdıracaq və bu cinayətə lazımi qiymət veriləcəkdir.
Hadisə Azərbaycanın Rusiyadakı səfirliyinin diqqət mərkəzindədir, təhqiqatın gedişi barədə buraya müntəzəm olaraq məlumat verilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva