Moskva məktəbliləri üçün “Azərbaycan mədəniyyəti” dərsi keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu Moskva Millətlər Evinin gənclərlə iş şöbəsi ilə birgə Rusiya paytaxtında məktəblilər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş dərs təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Moskva şəhərinin 967 nömrəli ümumtəhsil məktəbində baş tutan “Dostluq dərsi”nin məqsədi məktəblilərin Azərbaycan xalqının ənənələri və mədəniyyəti haqqında biliklərini artırmaq olub. 3, 4 və 5-ci sinif şagirdləri üçün təşkil olunmuş dərsdə 100-dən artıq məktəbli iştirak edib.
Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev layihə haqqında qısa məlumat verib.
Sonra Moskva Millətlər Evinin gənclərlə iş şöbəsinin müdir müavini Semyon Qulimov çıxış edib.
“Dostluq dərs”ində məktəblilərə Azərbaycan xalqının əsas bayramları, simvolları, mədəniyyəti, ənənələri və tarixi haqqında qısa videoçarx nümayiş olunub. Məktəblilər, həmçinin Azərbaycanın qızıl fondundan “Cırtdan” cizgi filmini izləyiblər.
Dərsdə “Qarabağ” ansamblının rəqqasları Azərbaycan milli rəqslərini ifa edib, məktəblilər üçün master-klass keçiblər.