Moskvada Azərbaycan, İran və Rusiya energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcəkdir
Bakı, 30 oktyabr (AZƏRTAC). MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycan energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Moskvaya səfər edəcəkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan, İran və Rusiyanın energetika nazirləri elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
2013-cü ilin iyununda Volqoqrad şəhərində “Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanmışdır.
Həmin saziş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaratmışdır. Artıq Azərbaycanın və Rusiyanın enerji sistemləri ikitərəfli elektrik ötürücü xətləri vasitəsilə birləşmişdir.
Azərbaycanın energetika nazirinin Rusiya Federasiyasına səfəri noyabrın 2-də başa çatacaqdır.