MOSKVADA CƏLİL MƏMMƏDQULUZADƏYƏ HƏSR OLUNMUŞ ƏDƏBİ GECƏ KEÇİRİLMİŞDİR
“Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli gecəni açaraq, Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığından, onun Azərbaycan xalqının özünüdərkinin təşəkkülündə böyük xidmətlərindən danışmışdır. O demişdir ki, Cəlil Məmmədquluzadənin ədəbi irsi bu gün də öz aktuallığını itirməmişdir. Onun yüzlərlə əsəri milli xarakter və mentalitetlə bağlı problemlər, Azərbaycan xalqının tarixdə rolu, habelə təhsilə və ana dilinə münasibət, din ilə əlaqədar məsələlər üzərində düşündürmüşdür və bu gün də düşündürür. C.Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Birliyin məsul katibi, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Nazim İbrahimov və başqaları “Molla Nəsrəddin” jurnalının əhəmiyyətindən, ustadın əsərlərinə yeni həyat verilməsinin zəruriliyindən danışmışlar. Bildirilmişdir ki, Cəlil Məmmədquluzadə haqqında ensiklopediya nəşrə hazırlanır və tezliklə oxuculara təqdim olunacaqdır.
Ədəbi gecədə Cəlil Məmmədquluzadənin dostu və silahdaşı, “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından biri Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov da çıxış etmişdir. O, babasının xatirələrindən maraqlı epizodlar söyləmiş, iki görkəmli şəxsiyyətin səmimi dostluq münasibətlərindən danışmışdır.
Gecədə Moskvadakı 157 nömrəli məktəbin etnomədəni Azərbaycan komponentli mədəniyyət mərkəzi üzvlərinin ifasında C.Məmmədquluzadə və M.Ə.Sabirin məşhur əsərlərindən səhnələr göstərilmişdir.