Moskvada RAGB-nin təşəbbüsü ilə mini futbol üzrə millətlərarası turnir keçirilib
Moskva, 10 mart, AZƏRTAC
Martın 10-da Moskvada Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinə dəstək kampaniyası çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə mini futbol üzrə millətlərarası turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Azərbaycan Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev, Azərbaycanın Rusiyadakı diasporunun lideri, akademik Fazil Qurbanov, Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin rektoru Vaqif Bayramov, diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Polad Bülbüloğlu, Emin Haciyev və Fazil Qurbanov aksiyanın təşkilinə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürlərini bildirib, idmanın gəncləri birləşdirən mühüm vasitə olduğunu qeyd ediblər. Onlar Rusiyada yaşayan azərbaycanlı gəncləri 18 mart prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.
Mini futbol turnirdə RAGB-nin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Gürcüstanın, Tıva, Kabardin-Balkar, Başkortıstan respublikalarının, Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin komandaları yarışıblar. İdman tədbirində maraqlı konsert proqramı nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva