“MÜASİR AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİ” SƏRGİSİ AÇILMIŞDIR
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov tədbir iştirakçılarını qurumun yubileyi münasibətilə təbrik etmişdir. O demişdir: “Artıq keçilmiş yola nəzər salaraq, fəxrlə demək olar ki, bütün çətinliklərə baxmayaraq, təsviri sənət ustaları Azərbaycan tarixində öz layiqli yerini tutmuşlar. Azərbaycan təsviri sənətinin Qobustan qayaüstü rəsmlərindən tutmuş miniatürlər, xalçalar, heykəltəraşlıq nümunələri kimi nadir sənət əsərlərinədək şanlı ənənələri var. Bütün bunlar xalqımızın misilsiz mədəni irsini təşkil edir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, öz sıralarında tanınmış rəssamları, heykəltəraşları birləşdirən Rəssamlar İttifaqının ölkəmizin mədəni həyatında, Azərbaycan təsviri sənətinin xaricdə təbliğ olunmasında böyük rolunu vurğulamışdır.
Yubiley ekspozisiyasında tanınmış rəssamların rəsm, qrafika janrlarında 140-dan çox əsəri, habelə 60 heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Sərginin açılışında ölkəmizdə işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəni və onu müşayiət edən şəxslər də iştirak edirdilər.