MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 19-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivaranı, Rusiya və Azərbaycandakı hərbi attaşesi Koki Araseni qəbul etmişdir.
Müdafiə naziri yeni təyinatı münasibətilə səfiri təbrik etmiş və ölkələrimiz arasında diplomatik əlaqələrin daha da yaxşılaşdırılması yolunda ona uğurlar arzulamışdır. S.Əbiyev demişdir ki, Yaponiya dünyada öz yeri və mövqeyi olan dövlətdir və inanıram ki, Azərbaycan-Yaponiya ikitərəfli əlaqələri daha da möhkəmlənəcəkdir.
Xoş sözlərə görə nazirə təşəkkür edən səfir T.Fucivara bildirmişdir ki, həqiqətən də Azərbaycan-Yaponiya əlaqələri yüksələn xətlə inkişaf edir. Bu günlərdə Yaponiya nümayəndə heyətinin Azərbaycanda olması, respublika Prezidenti və hökumət rəhbərliyi ilə görüşləri bunu bir daha sübut edir. Yaponiya bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafına kömək etməyə hazırdır və mən bir səfir kimi bu prosesi yaxından izləyəcəyəm. Yaponiya Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasında çox maraqlıdır.
General-polkovnik S.Əbiyev Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini vurğulayaraq demişdir ki, ölkəmiz bu yoldan dönməyəcəkdir. O, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri haqqında qonağa ətraflı məlumat verərək demişdir: “Azərbaycan torpağının bir qarışını da Ermənistana verməyəcəkdir. Biz dövlətimizin ərazi bütövlüyünü mütləq bərpa edəcəyik. Çalışırıq ki, bu münaqişə dinc yolla həll olunsun. Lakin torpaqlarımızı zorla işğal edən düşmən bu əraziləri xoşluqla tərk etmək istəmir. Əgər bu, belə davam edərsə, bizim torpaqlarımızı azad etməyə qadir Silahlı Qüvvələrimiz vardır”.
Onu maraqlandıran suallara ətraflı cavab verdiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkürünü bildirən T.Fucivara bəyan etmişdir ki, Yaponiya Azərbaycanın haqq işini dəstəkləyir və onun ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunmasını arzulayır.
Görüşdə hərbi sahədə əməkdaşlığın yolları barədə də söhbət getmişdir.
X x x
NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 22-dən 26-dək Mannheim şəhərində (Almaniya Federativ Respublikası) SNT/Taktiki ingilis dili üzrə müəllimlər üçün seminar keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.