Müəllimlərin ixtisas olimpiadasının final mərhələsi keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə reallaşdırılan müəllimlər arasında ixtisas olimpiadasının final mərhələsi keçirilib.
AZƏRTAC ATGTİ-nın saytına istinadla xəbər verir ki, olimpiadanın Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan final mərhələsində doqquz ixtisas üzrə 354 nəfər iştirak edib.
Finalçılar yazılı imtahanda 150 dəqiqə ərzində dördü ixtisas, biri isə metodika üzrə olmaqla beş sualı cavablandırıblar. “Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!” şüarı ilə keçirilən olimpiadanın qalibləri fevralın 5-də elan ediləcək və mükafatlandırılacaqlar.