Mühafizə polisləri bankın filialının qapısını sındıraraq oğurluq etmək istəyən şəxsi saxlayıblar
Bakı, 23 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə gün əvvəl Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən banklardan birinin filialından oğurluğa cəhdin qarşısı mühafizə polisi tərəfindən alınıb.
Gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb. Həmin şəxs aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə təhvil verilib. Bölmədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyən edilib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə küt alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.