MÜHARİBƏ VƏ ƏMƏK ƏLİLLƏRİNƏ DİQQƏT VƏ QAYĞI
1 oktyabr - Beynəlxalq Ahıllar günü hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatında keçirilən tədbir də dövlətimizin ahıl vətəndaşlara göstərdiyi qayğının bariz nümunəsi kimi yaddaşlarda qaldı. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, BMT-nin İnkişaf Proqramı Bakı nümayəndəliyinin başçısının müavini Devid Eyzenberq, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin və Sabunçu rayonu İcra Hakimiyyətinin rəhbərləri iştirak edirdilər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev görüşdə çıxış edərək, pansionatda yaşayanları bayram münasibətilə səmimi qəlbdən təbrik etdi. Nazir vurğuladı ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi sosial sahədə də nailiyyətlər əldə edilmişdir. Xalqın rifah halında, həmçinin aztəminatlı təbəqələrin, yaşlı nəslin yaşayışında tədricən yaxşılaşma özünü göstərir. O qeyd etdi ki, təkcə 1997-ci ildən bu günədək pensiya təminatı 2,7 dəfə artmışdır. Digər tərəfdən Azərbaycan ictimaiyyətinə məlumdur ki, bu illər ərzində əlillərə, şəhid ailələrinə dövlət tərəfindən xeyli mənzil tikilib verilmiş, pulsuz minik avtomobilləri bağışlanmış, neçə-neçə əlil vətəndaşın dövlət hesabına xaricdə müalicəsi təşkil olunmuşdur.
Sonra nazir tədbirdə iştirak edən və pansionata bayram hədiyələri gətirən bütün qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının nümayəndəsinin müavini Devid Eyzenberq Azərbaycanda dövlətin ahıl insanlara olan qayğısını xüsusilə vurğuladı. BMT-nin Azərbaycan hökuməti ilə birgə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi proqramı yüksək dəyərləndirən Devid Eyzenberq pansionat sakinlərini bayram münasibətilə bir daha təbrik etdi. Sonra BMT-nin İnkişaf Proqramı adından bayram hədiyyələri - televizor, soyuducu, video maqnitofon, fərdi hədiyələr, həmçinin tibbi ləvazimtalar pansionatın yaşlı nəslinə təqdim olundu.