Müharibə veteranlarının düşərgəsi təşkil olunacaq
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatı dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin həyata keçirdiyi “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının “1-ci şəbəkələşmə düşərgəsi” adlı layihənin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin hazırlıq mərhələsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən düşərgədə iştirak edəcək müharibə veteranlarının siyahısı müəyyənləşdiriləndən sonra onların ehtiyaclarına uyğun təlim proqramı hazırlanıb.
Layihə rəhbəri Fərhad Abdulovun bildirdiyinə görə, layihə əlil arabası istifadəçiləri olan gənc müharibə veteranlarının iştirakı ilə ölkədə keçirilən ilk təşəbbüsdür və QHT Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. Layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsindən ibarətdir.
Şəki Olimpiya İdman Kompleksində təşkil ediləcək düşərgəyə həmin kateqoriyaya aid olan müharibə veteranları və onların qəyyumları cəlb olunacaqlar. Beş günlük düşərgədə qeyri-formal təhsil standartlarına uyğun təlimləri Avropa Şurası Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə icra etdiyi TRAYAZE-də təmsil olunan təlimçilər keçirəcək.
Qeyd edək ki, TRAYAZE gənclər üçün qeyri-formal təhsilə əsaslanan maarifləndirmə prosesində iştirak edən azərbaycanlı təlimçilərə keçirilən uzunmüddətli təlim kursudur.