Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük
Laçın, 25 avqust, AZƏRTAC
Film sahəsində istedadlı gənclərimiz çoxdur və onların yaradıcılığında böyük potensial görürük. İnanıram ki, bu gənclər yaxın gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Bunu AZƏRTAC-a açıqlamasında Laçında təşkil olunan Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov deyib.
O qeyd edib ki, festival çərçivəsində təqdim olunan filmlər də kifayət qədər maraqlıdır. “Filmlərin seçimində əsas diqqət bədii keyfiyyətə, peşəkar rejissor işinə, yaradıcı yanaşmaya və mövzunun təqdimatına yönəldilib. Bu cür festivallar gənc rejissorların özlərini göstərməsi, təcrübə qazanması və beynəlxalq kino mühitinə çıxış əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə M.Hətəmov əlavə edib.
Müxbir - Fidan Əlizadə