MÜQAVİLƏ ÖHDƏLİKLƏRİNƏ DƏQİQ ƏMƏL ETMƏLİ
Müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinin ölkə iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə axınının gücləndirilməsi və özəlləşdirmə prosesinə strateji investorların cəlb edilməsi üsullarından biri kimi əhəmiyyəti böyükdür.
İndiyədək 23 orta və iri müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilmişdir. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən bu müəssisələrə 200 milyon ABŞ dollarından çox vəsait yatırılmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən investisiya müsabiqələrinin qalibləri ilə imzalanmış alqı-satqı müqavilələrində nəzərdə tutulan şərt və öhdəliklərin yerinə yetirilməsinə xüsusi diqqət verilir. Müqavilə öhdəliklərinə əməl olunması məqsədi ilə müsabiqə qalibləri ilə mütəmadi görüşlər keçirilir, investisiya proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə müstəqil auditorlar tərəfindən təsdiq edilmiş hesabatlar təhlil edilir, öhdəliklərə əməl olunması vəziyyəti araşdırılır.
Bununla belə, investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmiş bəzi müəssisələrdə müqavilə intizamına əməl olunmasında ləngimələrə yol verilməsinə də rast gəlinir. Belə ki, indiyədək bir neçə müəssisə üzrə keçirilmiş investisiya müsabiqələrinin qalibləri tərəfindən sərmayə qoyuluşları barədə hesabatlar və müqavilə şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər nəzərdə tutulan müddətdə təqdim olunmamışdır.
“Bakı Poladtökmə” Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi “İnekotex” şirkəti ilə Dövlət Əmlakı Komitəsi arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliklərə əməl edilməmişdir. Belə ki, dövlət büdcəsinə ödəmələr üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəzərdə tutulan 1,5 milyard manata qarşı cəmi 600,5 milyon manat ödənilmişdir. Bununla yanaşı, “İnekotex” şirkəti investisiya qoyuluşları üzrə öhdəliyə də əməl etməmişdir. Şirkət tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə imzalanmış alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bu səhmdar cəmiyyəti üzrə yeni investisiya müsabiqəsinin keçirilməsi planlaşdırılır.
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ