Murmanskda “Dostluq bayramı” festivalı keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Murmansk (Rusiya) şəhərində milli mədəniyyətlərin ənənəvi festivalı - “Dostluq bayramı” təşkil olunub. Festival hər il “Mədəniyyət vasitəsilə həmrəylik” devizi altında keçirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzi Murmansk vilayət ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Əlihüseyn Şükürov bildirib.
Murmansk vilayətinin Dostluq evinin milli-mədəni muxtariyyətlərinin və ictimai təşkilatlarının təmsilçiləri qonaqlar üçün konsert proqramı hazırlayıblar.
Festivaldan əsas məqsəd Murmansk vilayəti ərazisində yaşayan xalqların ənənələrinin qorunub saxlanması, inkişafı və populyarlaşdırılması, millətlərarası münasibətlərin möhkəmləndirilməsi, xalqlar arasında tolerantlığın və qarşılıqlı hörmətin təsdiqlənməsi, böyüməkdə olan nəslin milli ənənələrlə tanışlıq vasitəsilə Rusiya xalqlarının mədəni dəyərlərinə cəlb edilməsidir.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi Murmansk vilayət ictimai təşkilatının sədr müavini Mehdi Fəyyazlı Azərbaycan tarixi, xalqımızın milli-mənəvi dəyərləri barədə məlumat verib, Xalq şairi Bəxtiyar Vahabzadənin "Azəri deyilik, Türk oğlu Türkük" şeirini oxuyub.
Festival iştirakçıları Zapolyaryedə yaşayan xalqların mədəniyyətini, ənənələrini və orijinallığını əks etdirən tətbiqi yaradıcılıq, məişət əşyaları, milli geyimlərin təqdim edildiyi sərgi ilə də tanış olublar. Həmyerlimiz Natəvan Həmzəyeva Azərbaycanın görməli yerlərinin əks olunduğu plakat və şəkillər təqdim edib. Sərgi çərçivəsində təşkil olunan miniviktorinada qonaqlara mükafatlar təqdim olunub.