Musiqi Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub
Bakı, 12 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı təntənəli konsert təşkil edilib.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə əvvəlcə “İxtisas fortepiano” kafedrasının dosenti Sevda Məmmədlinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Yaşayır Heydər ata!” (Musiqi: Sevda Məmmədli; söz: Mirkazım Seyidov) əsəri təqdim olunub.
Sonra “İxtisas fortepiano” kafedrasının Əməkdar müəllimləri Arzu Məmmədova, Kəmalə Mirbabayeva, Fəridə Sultanova, Lalə Cəfərova, dosent Nərgiz Salmanlı, baş müəllimlər Könül Axundova, Zərif Kərimova, Beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova və Tamerlan Baxşıyev (zərb alətləri), Fəxri Dünyamalıyev (saksafon) çıxış ediblər.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz”, Cahangir Cahangirovun “Azad” operasından “Çahargah”, Aleksandr Tsfasmanın “Mənim sevgilim” (Gerşvin mövzusuna fantaziya), Lalə Cəfərovanın “Bir xəzər əfsanəsi” baletindən “Vida səhnəsi”, “Toy səhnəsi”, “Adajio” və “Rəqs”, “İspansayağı”, “L”, Zərif Kərimovanın “The call”, Alfred Şnitkenin “Qoqol” süitasından fraqment “Portret”, Henri Mançininin “Breakfast at Tiffany’s” kinofilmindən “Moon river” əsərləri dinləyicilərə təqdim olunub.
Konsert tamaşaçıların böyük marağına səbəb olub.