Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir kamançaya həsr edilib
Bakı, 15 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Kamançanın hazırlanması və ifaçılıq sənəti UNESCO-nun siyahısında” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək kamançanın tarixindən danışıb.
Vurğulanıb ki, bu yaxınlarda Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Muzeyin direktoru bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə etdiyini, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra muzeyin şöbə müdiri Təranə Zeynalovanın arxiv materialları əsasında hazırlanan videoçarx vasitəsilə məruzəsi dinlənilib.
Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Arif Əsədullayev tədbirin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümunəsi kamançadır. Kamança, muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılıb.
Sonda tədbir konsert proqramı ilə davam edib. Konsert çərçivəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblı, Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında bir-birindən
parlaq ifalar dinlənilib.