Müslüm Maqomayev haqqında material hazırlanıb
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayev yaradıcılığına müraciət edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, hazırlanmış materialda ifaçı haqqında geniş məlumatlar əksini tapıb.
Bildirilir ki, məşhur musiqiçi 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Burada Çenarro Barro, Enriko Pyatsa kimi korifeylərdən dərs alıb. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Bir il sonra Sopot şəhərində (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub. Bu orkestrlə sovet ittifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Musiqiçinin repertuarında Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərlər xüsusi yer tutub. Bəstəkarlıq sahəsində də özünü sınayan M.Maqomayevin yaradıcılığında Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı özünəməxsus yer tutur və bu gün də sevilə-sevilə dinlənilir. Müğənni haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film çəkilib.
“İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib və həmin tamaşada Knyaz İqor rolunu ifa edib.
2008-ci il oktyabrın 25-də vəfat edib. Bakıdakı Fəxri xiyabanda dəfn olunub.