Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş videoçarx hazırlanıb
Bakı, 17 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Müslüm Maqomayevin yaradıcılığı geniş şəkildə işıqlandırılıb.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" Teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda, on minlərlə dinləyici qarşısında çıxış edib, daim qastrol səfərlərində olub. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılıb. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.
Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O, həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirib, elə sevgi ilə yanaşıb ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacarıb, fəlsəfi yüksəkliyə qaldırıb.
Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Videoçarxı kitabxananın feysbuk və instaqram səhifələrindən izləmək olar.