CƏMİYYƏT
MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏ İFŞA OLUNMUŞDUR
Ötən ilin axırlarında Milli Təhlükəsizlik Nazirliyinə nərə cinsli balıq və balıq məhsullarının qanunsuz ticarəti və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə, habelə həmin dəstənin ayrı-ayrı üzvlərinin Ermənistanla əlaqələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında keçirilən tədbirlər nəticəsində kriminal qrupun fəal üzvləri - “8-ci Kilometr bazarı” adı ilə tanınan “Ticarət mərkəzi - 4” açıq tipli səhmdar cəmiyyəti nəzdindəki mağazanın icarədarı Rövşən İmamverdi oğlu Baləliyev, mağazanın qeyri-rəsmi satıcısı Vahid Soltanəli oğlu Fətəliyev, balıq alverçisi Zümür Yurduçu oğlu Həsənov, sərnişin avtobusu sürücüsü Alim Feyzi oğlu Omarov, Gürcüstan Respublikasının vətəndaşları Gülarə Süleyman qızı Rüstəmova və Sevda Alı qızı Mahmudova cinayət məsuliyyətinə cəlb edilmişlər.
Əməliyyat-istintaq tədbirləri ilə sübuta yetirilmişdir ki, cinayətkar dəstə 2001-ci il noyabr ayının əvvəllərindən etibarən 38 milyon 862 min manat məbləğində 2 ton 212 kiloqram nərə balığının və balıq məhsullarının Bakıdan Gürcüstanın Marneuli rayonu istiqamətində hərəkət edən sərnişin avtobusları vasitəsilə qeyri-qanuni şəkildə ölkə ərazisindən çıxarılmasına nail olmuş, onun əsas hissəsi oradan Ermənistana göndərilmişdir.
Müəyyənləşdirilmişdir ki, oktyabr ayının 11-dən etibarən iki ay ərzində Rövşən Baləliyevin mağazasına ixtisaslaşdırılmış müəssisələrdən və ayrı-ayrı şəxslərdən 54 ton 473 kiloqram nərə balığı gətirilmiş və onun 51 ton 162 kiloqramı qanunsuz olaraq satılmışdır. Mağazadan və əlaqədar müəssisələrdən götürülən maliyyə sənədlərindən o da məlum olmuşdur ki, cinayətkarlar Bakıdakı “Kaspian fiş Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətlə kriminal razılaşmaya girərək, oradan 38 ton 583 kiloqram balıq və balıq məhsulları almışlar. Lakin həmin malın cəmi 68,4 kiloqramı rəsmiləşdirilmiş və yalnız onun dəyəri olan bir milyon 233 min 431 manat vəsait cəmiyyətin kassasına mədaxil edilmişdir. Nəticədə, külli miqdarda vəsait həm “Kaspian fiş Azərbaycan” cəmiyyəti, həm də mağaza tərəfindən mənimsənilmişdir.
Rövşən Baləliyev və Vahid Fətəliyev bununla kifayətlənməyərək qanunsuz balıq ovu və alveri ilə məşğul olan digər şəxslərlə - Şamil Məmmədov, Həqiqət Qurbanova, Zahir Hüseynov, Vüqar Soltanov, Cansiyyət Orucova, Yuri Nəbiyev, Tahir Mətiyev, Aydın Əmiraslanov, Fuad İbrahimov, Fikrət Verdiyev və başqaları ilə cinayət əlaqəsinə girmiş, mağazaya mənbəyi bilinməyən, sanitariya nəzarətindən keçməyən külli miqdarda balıq və balıq məhsullarını topdansatış qaydasında alaraq satışını təşkil etmişlər.
Ümumiyyətlə cinayətkar dəstənin qeyri-qanuni ticarət əməliyyatları nəticəsində iki ay ərzində dövlətə 661 milyon 289 min 400 manat məbləğində ziyan vurulmuşdur.
Mağazaya baxış zamanı aşkar edilən 3 ton 309 kiloqram balıq və balıq məhsullarının böyük hissəsi istifadəyə tam yararsız olduğu üçün 2002-ci il fevral ayının 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Bakı şəhəri kənarında yandırılmışdır.
İbtidai istintaq tamamlanmış, sırf iqtisadi cinayətlər üzrə ayrı-ayrı epizodlar və şəxslər barədə toplanmış materiallar cinayət işindən ayrılaraq istintaq araşdırmalarının davam etdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin
mətbuat xidməti