Mütəxəssis-ekspert: Parkinson xəstəliyinin yaranmasında genetik amillərin rolu ola bilər
Bakı, 13 aprel, AZƏRTAC
Parkinson xəstəliyi 65 yaş üstü insanlarda daha çox rast gəlinir. Dünya statistikasına görə bu xəstəliyə 100 min nəfərdən 21 də rast gəlinir. Parkinson xəstəliyinin yaranma səbəbləri tam olaraq bilinmir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində çıxışı zamanı nazirliyin mütəxəssis-eksperti nevroloq Aygün Nadirova deyib.
Mütəxəssis-ekspert bildirir ki, bəzi hallarda xəstələrdə genetik amillərin də rolu olur. “Parkinson xəstəliyindən əziyyət çəkənlərin hərəkətində yavaşıma, tez-tez yıxılma, önə doğru yerimək, mimikada qeyri-adi dəyişiklik, depressiya, yuxusuzluq, qəbizlik, iybilmənin pozulması kimi problemlər qeydə alınır. Bu problemdən əziyyət çəkən xəstələrdə genetik faktor özünü göstərir. Genetik olaraq qazanılan Parkinson xəstəliyinin yaranmasında qohum evliliyi kimi hallar da ola bilər.
Müasir dərmanlarla xəstəliyin simptomlarını idarə etmək mümkündür. Lakin aparılan müalicədən sonra xəstəliyin bir sıra xüsusiyyətləri davam edə bilər. Bu kimi hallarda xəstələrdə depressiya, özünə qapanma kimi hallar müşahidə olunur. Belə vəziyyətlə xəstə psixoloji dəstək almalıdır”,- deyə A.Nadirova bildirib.