Mütəxəssis: Qrip virusundan əziyyət çəkən xəstə qısa müddət ərzində yüzlərlə adamı yoluxdura bilir
Bakı, 1 mart, AZƏRTAC
Soyuq havalarda qrip virusuna yoluxanların sayında artım müşahidə edilir. Qrip bəzi insanlar üçün yüngül xəstəlik olsa da yaşlılar, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olan şəxslərdə təhlükəli vəziyyət yarada bilər.
AZƏRTAC Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, bunu ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Ələsgər Vəliyev deyib.
Mütəxəssisin sözlərinə görə, qrip və ona bənzər respirator infeksiyalar - paraqrap, adenovirus infeksiyaları və digərləri həm nəzəri, həm də praktik təbabətin daimi problemi olaraq qalır: “Bütün cəhdlərə baxmayaraq, onlara qarşı tam effektli vaksin hazırlamaq hələ də mümkün olmayıb. Respirator infeksiyaların ən ağır forması olan qrip (koronavirus infeksiyası, legionelloz daxil olmaqla) vaxtaşırı epidemiya, bəzən hətta pandemiyaya keçərək ölkələr üçün böyük iqtisadi, humanitar problemlər yaradır. Qriplə təkrar xəstələnmələrin əsas səbəbi onun törədicisinin antigen quruluşunun dəyişkənliyi, əhali arasında yeni antigen variantına qarşı immun müdafiənin olmamasıdır. Bununla yanaşı, qripin yayılmasında heyvan qripinin (donuz, quş) törədicilərinin mutasiyası, insan orqanizminə təsir edən iqlim, yaşayış şəraiti, vitamin çatışmazlığı da rol oynayır. Soyuqdəymə, qapalı yerdə çox qalmaq, idmanla məşğul olmamaq qripə yoluxmaq riskini xeyli artırır”, - deyə bildirib.
Həkim qeyd edib ki, tipik respirator və antroponoz xəstəlik olduğu üçün qripi bilavasitə xəstələr, xüsusilə yataq rejiminə (təcrid olunma) əməl etməyən şəxslər yayır: “Qrip və digər respirator infeksiyaların törədiciləri əsasən yuxarı tənəffüs yollarında dəyişikliklər törədir və asqırma, öskürmə, hətta danışıq zamanı selik damcıları ilə 1.5-2 metr məsafəyə yayılırlar. Belə asan yoluxma mexanizmi sayəsində bir xəstə qısa müddət ərzində yüzlərlə adamı yoluxdura bilir. Məhz buna görə də qrip sürətlə yayılır, mövsümi epidemiyalar, bəzən mövsümdən asılı olmayan pandemiyalar yaradır. Qripin geniş yayılmasının bir səbəbi də xəstələnmənin erkən müəyyən edilməməsidir.
Təəssüf ki, başlanğıc əlamətləri qızdırma, üşütmə, baş və boğaz ağrısı olan əksər kəskin infeksion xəstəliklər əvvəlcə qrip (kəskin respirator infeksiya) adlandırılır. Buna səbəb qripin meningit, malyariya, qarın yatalağı, legionelloz, bruselyoz və digər xəstəliklər kimi başlamasıdır”.
Mütəxəssis qripin digər infeksion xəstəliklərin ortaq əlamətləri ilə başladığını vurğulayıb: “Lakin 1-2 gün ərzində kataral əlamətlər - boğazın, damağın quruması, quru öskürək, burun tənəffüsünün çətinləşməsi, bəlğəmli öskürək, burun seliyinin və göz yaşının çoxalması əlavə olunur. Xəstənin vəziyyəti tez pisləşir, alın, qaşüstü nahiyələrdə, göz dibində, əzələ və oynaqlarda ağrı, iştahasızlıq, dad və iy hissinin pozulması halı yaranır. Eyni zamanda, qripin ancaq kataral əlamətlərlə təzahür edən yüngül və güclü intoksikasiya verən ağır, fulminant formalarına da rast gəlinir. Qripin qorxulu ağırlaşmalar (meningit, pnevmoniya, sinusitlər) verməməsi üçün ən vacib tədbir azı 5 gün istirahət etmək, çoxlu isti-ilıq mayelər, mürəbbəli, ətirli otlarla çay, meyvə şirələri içmək, duru xörəklər yemək məsləhət görülür. Ən vacib tədbirlərdən biri də evə həkim çağırmaq, onun məsləhəti ilə müalicə qəbul etməkdir. Qripin müalicəsi üçün məsləhət görülən antiviral preparatlar ancaq ilk 1-3 gün ərzində qəbul edildikdə, yəni virusemiya dövrü effektli olur. Bədən hərarəti 39 dərəcədən yuxarı qalxdıqda və bu, xəstənin vəziyyətinə pis təsir etdikdə, hərarətsalıcı həblər məsləhət görülür. Lakin orqanizmin müdafiə reaksiyası olan qızdırmanı sürətlə endirmək iltihab ağırlaşmalarına səbəb ola bilər. Yalnız belə ağırlaşmalar zamanı antibiotiklər mütəxəssis tərəfindən təyin edilməlidir”.