Muxtar respublikanın daxili işlər orqanlarında xidmətə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim edilib
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib. Nazir bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi məqsədilə bu il avqustun 24-dən sentyabrın 23-dək müsabiqə elan edilib. Müsabiqədə iştirak edən namizədlərdən test-imtahan, eləcə də fiziki hazırlıq üzrə minimal normativlər götürülüb. İmtahandan müvəffəqiyyətlə keçən və müsabiqənin şərtlərinə uyğun gələn namizədlərin sənədlərinin toplanılması həyata keçirilib, xidmətə qəbulu məqsədəmüvafiq hesab edilmiş 30 namizəd daxili işlər orqanlarında sıravi və kiçik zabit heyəti vəzifələrinə qəbul edilib.
Diqqətə çatdırılıb ki, həmin şəxslərin daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis mayoru Rahin Əmirov həmin əmrlərin məzmunu barədə iştirakçıları məlumatlandırıb.
Sonra nazir Rəşad İsmayılov daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində işləyəcək şəxslərə vəsiqələri təqdim edib.
Qeyd edək ki, sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilmiş 30 nəfərdən 5-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailəsi üzvüdür.