Muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıb
Naxçıvan, 30 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzinin mərasim zalında muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını vahid Vətəni - Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış günüdür. Bu əlamətdar tarix ildən-ilə daha geniş vüsət tapır, ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd edilir.
Nazir deyib: Geridə qoyduğumuz 2020-ci ildə biz bu həmrəyliyin ən bariz nümunəsinin şahidi olduq. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları, eyni zamanda, xalqımızın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəmiz sayəsində azad olundu. Muxtar respublikada da bu münasibətlə tədbirlər təşkil edilir, ictimai-siyasi həyatda yaxından iştirak edən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıblar. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən bəzi nominasiyaların qaliblərini müəyyən etmək üçün internet vasitəsilə sosial sorğu keçirilib. Bunlara “İlin ən yaxşı gənc jurnalisti”, “İlin ən yaxşı gənc rəssamı”, “İlin ən yaxşı gənc rejissoru”, “İlin ən yaxşı gənc yazıçısı”, “İlin ən yaxşı gənc aktyoru (aktrisası)”, “İlin ən yaxşı gənc müğənnisi”, “İlin ən yaxşı gənc musiqiçisi”, həmçinin “İlin fəal xəbər saytı”, “İlin gənc idmançısı” nominasiyaları daxildir. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Vətən müharibəsi iştirakçısı olan gənc hərbçilərimiz də mükafatlandırılıblar.