Muxtar respublikanın şəhər və rayonlarında məhsul yarmarkaları təşkil olunub
Naxçıvan, 28 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında məhsul yarmarkaları təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda təşkil edilən məhsul yarmarkasının ilk günündə alıcılara 865 çeşiddə 100 tona yaxın müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Alıcılar 24 istehsal müəssisəsi tərəfindən təklif olunan 45 növdə, 265 çeşiddə sənaye məhsullarına maraq göstəriblər.
Muxtar respublikanın ayrı-ayrı rayonlarından ailə təsərrüfatçıları tərəfindən gətirilən kənd təsərrüfatı məhsulları şəhər sakinlərinə münasib qiymətlərlə təklif olunub.
Naxçıvan şəhərində təşkil edilən məhsul yarmarkası dekabrın 30-dək davam edəcək.
Şərur və Kəngərli rayonlarında da məhsul yarmarkaları təşkil olunub. Şərur şəhərində keçirilən yarmarkaya 75 çeşiddə 10 tona yaxın müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.
Kəngərli rayonunda keçirilən məhsul yarmarkasında isə 30 ailə təsərrüfatçısı iştirak edib. Onlar tərəfindən əhaliyə 80 çeşiddə 2 min ədəd qablaşdırılan müxtəlif kənd təsərrüfatı məhsulları təklif edilib.
Babək şəhərində yerləşən bazar kompleksində isə “Ailə təsərrüfatı məhsulları” yarmarkası təşkil olunub. 36 satış yeri olan yarımqapalı meyvə-tərəvəz satış sahəsində keçirilən yarmarkada Babək rayonundan olan ailə təsərrüfatçıları istehsal etdikləri süd və süd məhsulları, mürəbbə, kompot, turşu çeşidləri, meyvə quruları, ət və ət məhsulları, spirtli içkilər və müxtəlif növ məhsullar çıxarıblar.
Qeyd edək ki, Babək rayonunda “Ailə təsərrüfatı məhsulları” yarmarkası da dekabrın 30-dək davam edəcək.